Jurnal barədə ətraflı məlumat

''Bizimki'' ədəbi e-jurnalına xoş gəlmisiniz.

Gənclərin virtual ədəbi məkanı

Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, ayda iki dəfə, ayın əvvəli və ortası yeni nömrələrlə tanış ola bilərsiniz. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır.
"''Bizimki''də çap ol, bizimkilərdən ol!


Jurnalda dərc olunmaq istəyənlər üçün...

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...
Balzak
Azərbaycan diliTürkcəRusca Hörmətli ''Bizimki'' ədəbi e-jurnalı oxuyucuları, xoş gəlmisiniz. Bizimlə əlaqə saxlamaq, hər hansı əsər göndərmək, suallarınız, təklifləriniz, tənqidləriniz üçün bu mail ünvanına yaza bilərsiniz: admin@bizimki.org Bizimlə qalın, bizimkilərlə qalın...
Türkce
May
15
2007
7:31 am
Bölmə:
Əməliyyat

Qəşəm NəcəfzadəQəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı Seksiyasının rəhbəri,“Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. 80-cı illərdə ədəbiyyata gəlib. İndiyə kimi şairin 15 şeir kitabı nəşr olunub. Şeirləri rus, ingilis, alman, gürcü, özbək, polyak və başqa dillərə tərcümə edilib. Şair beynəlxalq şeir müsabiqəsində qalib gələrək bu il Avropanin ən böyük şeir bayramına, Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq Poeziya Festivalına dəvət alıb. Xatırladırıq ki, bu festival 1970-ci ildən keçirilir və Qəşəm Nəcəfzadə bu festivalda iştirak edən ilk Azərbaycan şairidir. Çoxdan tanıdığım yaradıcılığı ədəbi prosesdə mübahisələrlə dolu olan Qəşəm Nəcəfzadə ilə hal-əhval tutub xeyli səhbətləşdik.
-Qəşəm Nəcəfzadə kimdir və hansı məqamlara görə şeir yazır?

-Mənə elə gəlir ki, biz özümüzü fiziki mənada tanıyırıq: Mən Nəcəfzadə Qəşəm Mirzə öğlu, ailəm, uşaqlarım, iş yerim və sairə. Hə, bu mənəm. Amma mənəvi mənada, ədəbi-bədii və məqam mənasında mən özümü tanıya bilmirəm, böyük Füzuli demişkən “Heyran olduğundandır ki, heyran olduğun bilməz” və mən deyərdim ki, şeir yazmaq elə özümü tanımaq cəhdlərimdi. Hər şeirlə, hər sözlə özümü tapmağa və tanımağa doğru irəliləyirəm. Hamı özünü yaxşı adam blir, hələ özünü pis adam bilənə rast gəlməmişəm, əgər belədirsə, demək, heç kəs özünü tanımır. Məsələn, dəniz bilirmi ki, ö dənizdir? Amma biz dənizi yaxşı tanıyırıq, onun kimyəvi və bioloyi tərkibini yaxşı bilirik, haqqinda məqalələr, kitablar yazırıq. Elə insan da belədir. Nəsimini öyrənirik, təhlil edirik. Məncə, Nəsimi özünü bu qədər tanıya bilməzdi. Yəni o mənadakı Nəsimi hansı gücün daşıyıcısıdır, bunu bilirdi, amma onu hərəkətə gətirən enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə dediyim kimi “ Yarpaq bilmir ki, onu açan vaxt özü yıxdı” Ürək bilirmi ki, onu döyündürən nədir? Əsla bilmir. Amma tibb elmi bunun səbəbini bilir. Buna rəğmən, sən məni daha yaxşı tanıyırsan, nəinki mən özümü. Qəhrəman bilmir qəhrəmanlıq elədiyini, sanki adi bir iş görür, ancaq biz bunun qəhrəmanlıq olduğunu bilirik. Gəl belə danışaq, indi biz burada söhbət edirik. Birdən yanımıza bir qumbara düşsə, onda biz nə edərik. Bax, elə sən, nə edərsən? Biz bunu bilə bilmərik. Bunu bilməyi bizə icazə verməyiblər. Nə edəcəyimiz qəflətən doğulacaq. Fizuli “Leyli Və Məcnun” poemasının dibaçəsində deyir ki, “ Allah əşyalarda çox sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə nihan eləyib, kələfin ucunu gizlədibdi” yəni biz bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə ixtiyarimiz yoxdur. Həyatin, yaşamağın, ölümün fəlsəfəsi də elə budur. Demək, qəhrəmanlıq da doğulur. Bizim mühütin ən istedadlı gənc şairi kimdi, bəlkə o bizimlə yanaşı yeriyir, çay içir, bəlkə də biz ona əhəmiyyət vermirik. Elə bəlkə mən özüm onu “Azərbaycan” jurnalında çap eləmirəm- onu da deyim ki, bu sahədə çox diqqətliyəm, deyirəm birdən istedadlı bir adama qarşı ədalətsizlik etmiş olaram- və yaxud bəlkə də o bu saat zəif yazır, hələ diqqət cəlb eləmir və s. Sən gəncsən, yadına gəlməz 80-ci illərdə elə gözəl şeir yazanlar var idi, sonra onlar yazmadılar və yaxyd əksinə. Zəif yazanlar püxtələşib ədəbiyyatda qaldılar. Müğənnilikdə bu daha qabarıqdı, uşaqlıqda bəzən çox gözəl səsi olanlar, boyüyəndə səsləri batır. Ümumiyyətlə, istedadı tanımaq çətindi. Amma 40 yaşı ki, kecdin, ikinci nəfəs deyilən bir şey açıldı, onda yüz faiz inanmaq olar ki, o əsl sənət adamıdı. Gənclik həvəsi də ötüb keçir, ailə problemləri, iqtisadi, fiziki, mənəvi cətinliklər səni qələmdən ayıra bilmir. İndi Oktay, mən 40 yaşımı keçmişəm, nə yazdıqlarımı və hansı məqamda olmağımı sizlər daha yaxşı bilərsiniz. Bir şey bilirəm, mən çox ağrılı adamam, ağrıyan canım deyil, ruhumdu. Əli Kərim demiş: “Həyatım ağrıyır”, ruhum inciyir. Bu da nədəndi? Məncə, ruhum qopub gəldiyi yerə qayıtmaq istəyir. Mənim özümdən asılı olmayaraq, bütün çəhdlərim, şeir yazmağım, sevməyim və kamilləşməyim də qopub gəldiyim yerə qayıtmaq ücündü. Mən bunu Məcnundan öyrəndim. Fizuli deyir ki, Məcnun Allahdan- Haqdan qopub tələyə- dünyaya düşdü. Məhz Məcnun doğulanda ona görə ağlamışdı. İndi Məcnunun, elə Şeyx Sənanın da əsas məqsədi- əslində ruhun məqsədi sevərək, kamilləşərək qopub fəldiyi haqqa qovuşmaqdı. Mənim də ruhumin əsas çırpıntıları bundan ibarətdi.

-Şeir ideologiya, yoxsa potensial poeziya?

-Mənim ücün poeziya insan haqqında, ölüm, dünya, Allah, sevgi, həyat haqqında informasiyadır. Bu ədəbi-bədii xəbərlər toplusu insan beyninə kodlaşdırilib, biz hər gözəl bir şeirlə bir sirr açırıq. Amma Allah sirlərin birini həmişə gizli saxlayıb.
Əgər fikir vermisənsə şair öz şeirini deməyə başlayanda bir “Deyir” sözü ilə başlayır. Həmişə fikirləşmişəm ki, bu “Deyir” sözü nə deyən sözdü görəsən? Sən demə, bu, şeri bizə pıçıldayandır. Yəni biz onun dediyini deyirik. Şeir ideologiyaya xidmət etməməlidir. Şeir dünyadan, gizlinlərdən, bizə ötürülən xəbərlərdi. Bəzən görürsən ki, elə şeir olur hec başa düşmürəm, amma mənə xoş gəlir. Ərəb dilini bilmirəm, amma bu dildə söylənilən hədislər, əhvalatlar və yaxud əzan səsi ruhumu sakitləşdirir. Bir də görürsən ki, heç tanış olmayan bir insanın sifəti sənə o qədər xoş gəlir ki, uzun müddət ondan gözlərini çəkə bilmirsən. Demək, burda bir sirr var. Bax, poeziya bu sirr haqqındadı. Dünyanın hər yerində insanlar eyni cür sevir, eyni cür ağlayır və eyni cür də ölürlər. Məgər bu orjinal həyat hadisələrinə ideologiyanı sırımaqmı lazımdır. Şeir həm də həyatın üzünü köçürməkdi. Türk şairi İsmayıl Uyaroğlunun bir şeirində olduğu kimi:

Hər silah bir səslə partlar
Tapança: dann
Tüfəng: bumm
Top: gumm
Bomba: bomm…
Amma öldürdükləri körpələr
Harasında olursa dünyanın
Eyni ağrıyla bağırar:
-Ah

-Eşitdiyimizə görə Hollandiyada keçiriləcək Avropanın ən böyük poeziya festivalına dəvət almısınız… Bu haqda məlumat verərdiniz, zəhmət olmasa.

- Mən bu il iyunun 16- da Hollandiyanın Rotderdam şəhərində keçiriləcək 38-ci Beynəlxalq Poeziya Festivalında iştirak etmək üçün həmin ölkəyə dəvət almışam. Bu, Avropada iki ən böyük festivaldan birinicisi, Hollandayada isə ildə bir dəfə kecirilən yeganə ən böyük poeziya festivalıdır. Bu tədbir 1970-ci ildən bu günə kimi keçirilir, bu illər ərzində mən orada iştirak edən birinci Azərbaycan şairiyəm. Seçim mərhələsində demək olar ki, dünyadan 23 şair seçilib. Burada Amerika, İspaniya, Fransa, Yaponiyo, Rusiya, İrak, Çin, Anqola, Ermənistan, Gürcüstan, Estoniya, Misir və başqa ölkələrdən tanınmış şairlər iştirak edir. Festivalda əsas məqsəd dünya şairlərini bir –birinə tanıtmaqdır. Artıq bizlər bir-birimizi tanıyırıq, indidən məktublaşırıq. Bilirsiniz ki, mənim üc dildə, Azərbaycan, ingilis, rus dillərində yayımlanan internet saytım (www.qeshemnecefzade.net) var. Onlar həm bu saytdan, həm də məktub vasitəsilə ingilis dilində göndərdiyim şeirlərdən mənim yaradıcılığımla artıq tanışdılar. Bu qiyabi tanışlıqdan sonra onların çoxu məni öz ölkələrinə dəvət etməyi vəd edib. Onu da qeyd edim ki, hər gün 800 nəfər tutan şəhər teatrında Avropanın müxtəlif ölkələrindən gəlmiş insanlarla görüşlərimiz olacaq, burada şeir oxuyacağiq, radio və televiziya ilə çıxişlarımız olacaq, digər Avrapo ölkələrindən dəvət olunmuş qəzet və jurnal redaktorları, jurnalistlər festivalin işini öz ölkələrində mütamadi olaraq işıqlandıracaq, şeirlərimizi müsahibələrimizi, öz qəzet və yurnallarında dərc edəcəklər. Yazdıqlarına görə bizə yüksək mükafat da verecəklər, ingilis və holland dillərində kitabçalarımız nəşr olunacaq.

-Siz şeirlərinizi hansı dildə oxuyacaqsınız?

-Ana dilimizdə 15 şeir oxuyacağam. Amma İngilis və Holland dillərində həmin şeirlər ekranda həm sinxron, həm də səsli tərcümə olunacaq.

-”Xocalı mövsümü Fevral” şeiriniz həqiqətən böyük reaksiya döğurmuşdu. Orada bir uşaq obrazı var idi…

-Xocalı faciəsi ilə bağl silsilə şeirlərim var, onlardan biri də “Xocalı mövsümü fevral” şeiridir. Adından göründüyü kimi bu Xocalı faciəsinə son 10 ildə tam fərqli baxış idi. Ümümiyyətlə, mən həmişə həyatın, hadisələrin görünməyən tərəflərini yazıram, bu şeirdə də belədi. Mənə elə gəlir ki, həmişə fevral ayı üşüyür. Fevral ayı daha lentlərdə qalıb, Xocalı faciəsinin faciəsi burasındadı ki, bu lentlər də adiləşib. Hər il Xocalı faciəsinin ad günündə ( Məhz ad günündə) meydlərin təpə döşündə mənzərəsi televiziya ilə göstəriləndə bir uşaq meyidi və ondan 1 addım kənara düşmüş potu (rezin ayaqqabı) ekranda cox geniş planda göstərilir və bu da həmişə məni həyacanlandırıb. Potu kənd uşaqları ücün həyatdı, suya, palcığa girmək ücün cöx əla imkandı. İndi o potu mənim ücün kənddi. Mən bilirəm o uşaq o potunu necə sevirdi. Qaldı ki, o uşaq obrazına və ümümi mənzərəyə, mənə elə gılir ki, uşaqlar həmişə böyükləri yamsılayırlar. Və o dəhşətli axşam, 26 fevral gecəsi uşaqlar xilas olmaq üçün böyükləri yamsılayıblar; böyüklər artıq güllələnib və uşaqlar elə bilirlər ki, boyüklər ölməyiblər, sadəcə mütəkkəyə dirsəklənən kimi təpələrə söykəniblər, ona görə də uşaqlar ata-analarına baxıb onlar da təpəyə dirsəkləniblər. Bir növ onları yamsılayıblar. Halbuki bu “Uşaq oyunu” ölümün ən dəhşətli mənzərəsidir. Aqşin bu şeir haqqında nə yazıb bilmirəm, amma Qulu Ağsəs şeirdəki o potu haqqında AYB Natəvan klubunda, Xocalının il dönümündə xeylü danışdı. Bu şeir sujetli şerdi. Söhbət əvvəldan- axıra Xocalı faciəsi ilə bağlı 26 fevral günü televiziya ilə gostərilən lentdən gedir və şeir aşağıdakı sonluqla bitir:

Fırlat qardaş
Onsuzda işin bu lenti fırlatmaqdı
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini…

-Əli Kərimdən üzü bəri nə dəyişib şeirimizdə?

Əli Kərim 60 –cı illərdə ədəbiyyata gəldi və şeirin yeni mərhələsini yaratdı. Qabaq ədəbiyyatda qeyri -adi poetik fikirlər hökmran idisə, Əli Kərim adılikdə qeyri-adilik yaratdı. Əli Kərim Moskvada təhsil almışdı, bu şerlərdəkı hava rus şeirindən, xüsusən qərb şeirindən gəlirdi, sadəcə gəlmirdi Əli Kərim onu öz poetik ruhundan keçirib övladlığa götürüb milliləşdirirdi. Əli Kərimin ən çox sevdiyi şair böyük türk şairi Orxan Vəli olub, hətta Əli Kərim kiçik oğlunun adını da Orxan qoyub. Çox qəribədir ki, Əli Kərimin üslubu türk şeirindən çox uzaqdı. Əli Kərim şerinin davamçı kimi, mən deyərdim bir qolu kimi İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal Yusifzadə gəldi ədəbiyyata. Sonrakı illərdə Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Seyran Saxavət, Vaqif Bəhmənli, Nüsrət Kəsəmənli ədəbiyyatımıza türkçülük ideyalarını və nəfəsini şeirimizdə daha da gücləndirdilər. 80-cı illərin əvvəllərindən başlayaraq, müstəqillik, türkçülük, islamçılıq bir az da irəli getsək, türançılıq ideyaları bir başa ədəbiyyatımızın əsas ideya məqsıdinə çevrildi. 90-cı illərdə müstəqillik dövrünün həm şeiri, həm nəsri, həm də ədəbi tənqidi yarandı. Qabaqkı mərhələdən fərqli olaraq şeirimizdə ironik (ölümə ironiya) baxış meydana çıxdı. Bir qədər sözün obrazlılığı moddan düşdü. Real həyati gerçəklik, modernizm, postmodernizm cəryanlarının nümayəndələri gəldi ədəbiyyata. Erotik şeirlər yazıldı. Həmçinin surealizm, metafizik, ürfani qatlarda də ədəbi nümunələr yaradıldı. Folklora, Dədə Qorqud dilinə, türk şeirinə ədəbiyyatımız yenidən üz tutdu. Heca şeiri bir qədər zəiflədi. Sərbəst, epik şeirlər meydan suladı. Bir sözlə, qərb dəyərləri şərqi üstələdi. Bütün bunlar daxili sərbəstliyin təzahürü kimi meydana çıxdı. Əli Kərimdən sonra ədəbiyyatımızda bu cür müsbət dəyişikliklər baş verdi.

-Sizə nədənsə ədəbi mühütdə münasibət bir mənalı deyil… Nədən qaynaqlanır bu?

-Mən təkəm, güclüyəm ona görə. Özümə dəstə tutmamışam ona görə. İçki içməmişəm, siqaret çəkməmişəm, saqqal saxlamamışam ona görə, müəlliməm ona görə, heç kəsi təhqir etməmişəm ona görə. Mən həmişə bu anormal mühitdə əxlaqımın əzabını çəkmişəm. Bilirsən, Oktay, indiki ədəbi mühit üçün pəncərənin şüşəsini sındıran maraqlıdı, daha o pəncərə şüşəsinin sınmağa qoymayan yox. Özün bilirsən ki, mən həmişə gəncliyin yanında olmuşam. Tanıdığın istedadlı gəncliyin əksəriyyəti mənim rəhbərlik etdiyim “Pərvanə”dən cıxıb. Zahir Əzəmət (Onda o Mingəçevirdə oxuyurdu), Aqşin, Samir Sədaqətoğlu, Sevinc Pərvanə, Həyat Şəmi, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Mina Rəşid, Şəfəq Sahibli, Narıngül, Yafəs, Fərqanə Mehdiyeva, Ələmdar Cabbarlı, Sərvaz Hüseynoğlu, rəhmətlik Böyükxan Pərviz, Faiq Balabəyli, İlqar Fəhmi, Ay Nur, Xatirə, Aliyə, Sevinc Nuruqızı, Dayandur Sevgin, Sevinc Çılğın və neçə-neçə başqa istedadlı gənclər “Pərvanə”dən parvazlandılar. Məclisə tez-tez Ədalət Əsgəroğlu, Əsəd Cahangir, Mübariz Məsimoğlu, İlham Qəhrəman, Şərif Ağayar, Aygün Həsənoğlu, Xanəmir, Tehran Alışanoğlu, Səlim Babullaoğlu, Paşa Qəlbinur, Nəriman Həsənzadə, Aqil Abbas və başqaları gəlib yeni yazılarını oxuyardılar və oxunan yazıya, müasir ədəbi prosesə öz fikirlərini bildirərdilər. Onda hələ “Alatoran” yox idi. Bu saydığım imzalar indi çağdaş ədəbiyyatımızın istedadlı nümayəndələridi. O vaxt “Pərvanə” şeirə yeni nəfəs gətirən Bakıda yeganə gur məçlis idi. İndi bəziləri bunu dansa da qətiyyən pis olmuram. Vaxt gələcək hər şey öz yerini tutacaq. Sonralar yeni ədəbi qruplar, “Nəfəs” yarandı, mən də bu yenu nəfəsi ürəkdən alqışladım, sonra isə “Alatoran” doğuldu, mən buna da çox sevindim. Sonra pərvanəçilərin çoxu getdi “Alatoran”a. Bu təbiidir, hər şey dəyişir, inkişaf edir. Heç kəsi qınamaq olmaz. Amma heç kəsi danmaq da olmaz, yeni ədəbi nəslin formalaşmasında “Pərvanə”nin rolu böyük idi. Qaldıki sualına, mənə münasibətə bu, bir-iki nəfərin öyrətməsi idi. Məncə, indi vəziyyət yaxşıdı, çoxları günahlarını etiraf etdi…

-Bir şeirinizdə deyirsiniz “Məhəbbət eqoizm və intriqa mənbəyidir” Doğrudan belədir, yoxsa…

-İndiki zamanda məhəbbətdən danışmaq gülməlidi…Məhəbbət həmişə evə dava salıb. Çünki böyük məhəbbətlə sevən kəs eyni dərəcədə də öz haqqını istəyir. Qarşısındakında da bu, yoxdur. Çünki Allah-Təala iki sevənin birini həmişə zəif yaradır; ya qızı, ya oğlanı. Sevməyəni sevənə tapşırır və ya əksinə. Baxır hansı ağıllıdır? Hökmən, sevgi olan yerdə dava düşməlidir. Çünki məhəbbət “Mən” deməkdir, “mən” olan yerdə ikinci “mən” yoxdur. Məhəbbət başqa birisinin etibarının yoxa çıxmasının subutudur. Məhəbbət birinin başqa birisinin üzərində qələbəsidir. Ailələri məhəbbət dağıtdığını bir dəfəlik anla və başa düş. Məhəbbət yoxluğun isbatıdır. Məhəbbət təzyiqdir. Normal iqtisadi maraqlar üzərində qurulan münasibbət, yalnız və yalnız sözdən ibarət olan məhəbbətdən bəzən çox etibarlıdır. Qarışılıqlı anlaşılma, dünyaya az sayda uşaq gətirmək ( uzağı üç), boş-boş sözlərdənsə yaxşı pul qazanmaq, yaxşı geymək və normal qidalanmaq, bir-birinin qədrini bilmək, sevgidən başqa hər şeydən danışmaq indiki həyatımızın əsas mayasıdır. Hardasa bir nəfər sevən qalıbsa, yəqinki mənimlə razılaşmayacaq. Amma bir az gözləsin, söz mən deyəndi…

-Fikir deyə- deyə şeir yazmaq ənənəsi haradan gəldi sizə?

-Mən 1978-ci ildən, birinci kursdan oxuyan vaxtdan elə indiki yazdığım üslübda yazmışam, indi ona doxsanıncı illərin şeiri deyirsiniz. Mən o vaxt belə yazırdım. 1978-ci ildə yazdığım, lakin cap etdirə bilmədiyim şeirlətdən bəzi misraları deyirəm sizə.

Ay kiş döymə arvadını
Ay əllərin qurusun
heç bilirsən onu kim sevirdi?
***
Qucaqlamadım səni
Qucağım öldü acından.
***
Sentiyabr ayı doludur sənlə!
***
Qulaqlarımı tor kimi
Atmışam sukuta
Səs tuturam sukutdan.
***
Ay məni qəbrimdə
Gəzən qarışqa,
Sənə qan qalmadı
Məni bağışla! Və sair.

Bu kimi şeirləri mən 1-ci kursda yazırdım. Bu da 1978-ci ilə təsadüf edir. Forma və təfəkkür baxımından bu şeirlər o dövr üçün maraqlı idi. Amma məni görünməyə qoymadılar. Səmimi deyirəm, 80-ci illərin əvvəllərində 90-cı illərin havasını öz yaradıcılığında hiss eləyən 80-cı illər nəslinin bəlkə də birincisiyəm.“Ulduz” jurnalının poeziya şöbəsiniun redaktoru Vaqif Bayatlı məni o vaxt çap eləmədi. Həmişə şeirlərimi bəyəndi, amma nə olsun nəticə olmadı. İndi bəziləri kimi mən də acığa düşüb Vaqifi inkar eləmədim. Adamın başının üstə Allah var, Vaqif yaxşı şairdi. Nə olsun ki, məni çap etmədi. Allah rəhmət eləsin İsa İsmayilzadəyə, ən çox sevdiyim şairdi, o da məni “Azərbaycan” jurnalinda çap eləmədi, bəyənirdi, amma şeirlərim nömrədən-nömrəyə qalırdı, axırda da itirdi. Amma o bir şair kimi mənim gözümdən heç vaxt düşmədi. Onun “Ulduzların ad günü” kitabı var, ilk kitabıdı, 1967-ci ildə şap olunub. Bugünki gənc nəslin həmin kitabdan xəbəri yoxdur, həmin kitabı bir-bir hamıya oxutdurdum, sonra həmin kitabdakı şeirlərin hamsını “Ədalət” qəzetində çap etdirdim. Cünki bizdən ayrı düşənlərə bu ehtiram borcumuzdur. Mənim əxlaqım belədir. Ədəbi mübarizənin ən yaxşı yolu başını aşağı salıb öz işinlə məşğul olmaqdı.

-Konkret olaraq bir sual verim: kim sədr olacaq AYB-yə? Və ümumiyyətlə, AYB deyilən Bir qurum lazımdırmı?

-Qurultay olmamış mən nə deyə bilərəm? Bu məsələlər qurultayda həll olunur. Ötən qutultay ərəfəsində də bu cür məsələlər var idi. Qəzetlər gündə bir namizəd adı yazırdılar. Və yaxud bir qrup yazıçı hər gün, hər saat bir mamizəd adı çəkirdi, amma qurultayda, həlledici məqamda heç birindən səs çıxmadı, Biz Anarı istəyirdik, onu da seçdik. Şəxsən mən kimi istəsəydim onun da namizədliyini verərdim. Mənim üçün Ən layiqli namizəd Anar idi…İndi də qurultay olsun, inşallah, görərik. Məncə, hələ vaxta var. Qaldı ki, AYB lazımdırmı sualına, niyə də lazım olmasın. Ədəbi orqanlar “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azərbaycan”, ”Qobustan,””Ədəbiyyat qəzeti” çap olunursa, burda da xeyli yazıçı işləyirsə və bu orqanlarda hər il yazıçılar çap olunub qonoror alırsa, AYB aparatında da xeyli yazıçı- şair çalışıb əməkhaqqı alırsa bunun nəyi pisdi ki? Bu, kimin yerini dar eləyir bilmirəm. Hələ bir- ikisini də yenidən yaratmaq lazımdı.

-Sonda “Bizimki” haqqında nə düşünürsünüz?

- Azərbaycan ədəbiyyatında “Bizimki”nin xüsusi yeri var. İstedadlı gənçlərin üzə çıxmasında bu internet jurnalı mühüm rol oynayıb. Bu əsl qəhrəmanlıqdır. Bu işdə Həbib bəyin, redaksiya üzvlərinin, sizin zəhmətiniz böyükdü. Bu jurnal haqqında Anar müəllimə də, AYB də hər kəsə demişəm, televiziyadakı çıxışlarımda da bu haqda danışmışam, harda ədəbiyyat söhbəti varsa, orda “Bizimki” dən danışıram. Bu sizin haqqınızdı. Sizə, “Bizimki”yə yeni-yeni uğurlar arzu edirəm.

Yazıya qiymət verin:
May
15
2007
12:06 pm
Bölmə:
Şərhlər
Terane

Qehem Necefzadeni ugurlarina gore tebrik edir, bu ugurlara onunla birlikde sevinirem ve onlari oz muveffeqiyyetim hesab edirem. Bunu en azindan Oqtay bey yaxsi bilir.
Lakin onun sevgiden dediyi fikirler meni teeccublendirdi. Bununla razilachmiram. Onun sevda dolu seirleri ele sevginin ozu deyilmi? Musahibeye gore sag olun.

May
17
2007
8:48 pm
Bölmə:
Şərhlər
Sima N.

Q.N. qisa seirler yazsa da, cavablarinda uzunculuga meyllidir. Avropada ugurlar!

Fevral
28
2008
3:48 pm
Bölmə:
Şərhlər
aziza

Mehebbetde ugursuzluga duchar olan adam ancaq bele deye biler. Ayib olsun! Ozudeki hele shairdir bele deyir! genc nesil ne goturecek bele shairlerden?

Yanvar
26
2009
3:58 pm
Bölmə:
Şərhlər
İbad Eliyev

“Yupyumru bir eşqilə” döyünən bir ürəyin intəhasız sevgisini duydurmaq ümidi və istəyi ilə.
İstəkli şairim Vaqif Bayatlı Odər qardaşıma.
Mən tənqidçi deyiləm.Odur ki, sənətkar fəhmi və intuisiyası ilə duyub qiymətləndirdiyim şerlərinizin sənət dəyərini sərraf gözü ilə görüb sərraf sözü ilə ifadə etməyə acizlik çəkdiyimə görə yanıb tökülürəm.
Çağlar söz çeşmənizdən ovuc-ovuc doldurub içdim. Yox, bu bulaq deyil, müqəddəs, incə duyğular, poetik hisslər şəlaləsidir!
Sizin şerləriniz Ulu Tanrının öz qüdrətindən yaratdığı, ona bütün varlıqlardan daha yaxın olan bir şairin yaratdığı söz möcüzələridir. İnsanı daxilən riqqətə gətirən müqəddəs təsəvvüf duyğuları üzərində köklənmiş bu poeziya vəhdət adlanan həqiqətin parlaq təcəllisidir. Bu poeziya fəlsəfənin poeziyası, poeziyanın fəlsəfəsidir.
Min il ötsə belə XXI əsr Azərbayacan poeziya sənəti Vaqif Bayatlı Odər, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Səməd Qaraçöp sənəti ilə anılacaq!
60 yaşınızın tamama yetdiyi bir vaxtda mən sizə daha yeni ucalıqlar və bu ucalıqlara-o ilahi həqiqətə qovuşmaq yolunda maneəsiz uçuşlar, ay işığı kimi təmiz və parlaq uğurlar və nəhayət ən əsası-incə sənət, poeziya, şeriyyət yolundə xərclməyə bol-bol ömür nəqdi arzu edirəm. Qoy ilhamınızın Qızıl gülü heç vaxt solmasın. Və bir də haqsızlıqlara qarşı polad, qranit dözümü və təpəri heç vədə dizinizdən əksik olmasın!
Burda yadıma 50 yaşımın tamamında yazdığım bir şeirin son bəndi düşür:

Ələdikcə kül ömür gün
Ta qurtulmaq deyil mümkün.
Batmışıq torpağa bütün,
Bircə başımız görükür.

Sonsuz Sevgi və Sayğılarla
Sizin İbad Novruzoğlu

Şərhinizi yazın: