…İndi Azərbaycan modernist ədəbiyyatında çoxlu dindar adamlar var. Ötən aylar ərzində aralarında İslam dinindən tərs danışanın sümüklərini sındırmağa qadir olanları da gördük. Elə bu səbəbdən bizim milli demokratlar onları modernizm ədəbiyyat apartmanında yaşayıb, modernist şeirlər yazıb, digər tərəfdən, belə dözümsüz davranış göstərdiklərinə görə qınayırlar. Məgər ki, modernist ədəbiyyatçı dediyin adam gərək başqalarının fikrinə dözümlü, əynində bəyaz kostyumu, əlində uzun əsası, boğazında qara kəpənəyi ilə alicənab olsun…
Halbuki, modernizm mütləqiyyətdən və peyğəmbərçilikdən yalnız əvvəllər, yarandığı və dünyaya dahiyanə modernistləri bəxş etdiyi ilk dövrlərdə uzaq idi. Onda hava daha təmiz, süd daha ləziz olduğu kimi, modernizm də ehkamçılığın, avtoritarlığın inkarçısı idi. Sonralar modernizm öz məqsədləri etibarilə dinə bənzəməyə, daha sonra onun yerini tutub həyatın yeni dirijoru olmağa başladı…
1.Modernistlərin əksəriyyəti konfessionallığı (dini bağlantı) inkar edirlər, heç bir ənənəvi dini qəbul etmirlər. (Pravoslav kilsəsilə əlaqəni saxlamağa çalışan modernist S.L.Frank kimi bir neçəsini çıxmaq şərtilə). Bu hal həmişə müəyyən kilsə münasibətinə yozulan klassik ədəbiyyat və fəlsəfədən kəskin şəkildə fərqlənir. T.Hobsun aşkar katolikliyi, C.Lokkun kalvinizmi (katolik məzhəbindən, müqəddəs kitabı Xristianlığın tək və mütləq qaynağı, avtoriteti olaraq görən dini təlim), Hegelin protestantlığı modernist fəlsəfə və ədəbiyyatın heç bir nümayəndəsində yoxdur. Klassik ədəbiyyatda hətta dini problemlərlə birbaşa məşğul olmayan yazıçılar belə, bu və ya digər şəkildə müəyyən konfessiyalara aid idilər, yəni müxtəlif dini təlimlərin ehkamlarına baş əyirdilər. Hətta rəsmən yeretik (bidət) mövqelərdən çıxış edənlər də yenə hansısa kulta bağlı idilər. Olsun Misir Günəş kultuna sitayiş edən C.Bruno, olsun panteist olduğunu elan edib, ancaq bununla belə, iudaizmə bağlılığını qoruyan B.Spinoza. Klassik ədəbiyyat hətta bu, klassik Avropa ateizmi olsa belə, partiyalılığa (kilsəliliyə) meyl edir. Modernizm isə yarandığı gündən individualizmə israr etdi, birinci şəxs olmağa can atdı. Məhz bu səbəbdən klassik ədəbiyyatda cərəyanlar olmadığı halda modernistlər ədəbiyyata və fəlsəfəyə yüzlərlə cərəyan gətirdilər.
Modernistlər hər hansı kilsəyə məxsusluqdan tam imtina etdilər. Çünki inqilabçılıq, yeniçilik, hər şeyi dəyişmək ideyaları inam sahəsinə də toxunmaya bilməzdi. Buna görə də biz üç dünya dinində (“hər dövrün öz modernizmi var” U.Eko) modernizmin ünvanına çoxlu tənqidlər görürük. Modernistin ənənələrlə mübarizəsi dini cəbhədə də aparılır. Bir sıra modernistlər dini problemlərə müraciət edərkən onları öz ideologiyalarınca interpretasiya edirlər. Z.Freyd dini bəşəriyyətin universal nevrozu kimi təfsir edir, K.Marks burjuaziyanın fəhlə sinfinin iradəsinə qarşı silahı kimi. Ancaq bu halda din əsla modernizmin düşməninə çevrilmir. Modernizm Dinin özünü deyil, dini institutu, ənənələri, ehkamları, kilsə-məscid simvollarını tənqid edir. Belə çıxır ki, modernizm üçün dində lazım olan yalnız inam, etiqaddır. Beləcə, modernizm epoxasında fəlsəfənin dini formaları və teologiya (ilahiyyat) arxa plana keçir. Bizim qoca yazıçılar gəncliyin cərəyanlarına ağız büzə-büzə axırda özləri o cərəyanlara üz tutduqları kimi, din sahəsində də modernistlər axırda öz dinlərini yaratmaq mahiyyətinə vardılar…
Ancaq ümumiyyətlə, F.Nitşenin “Allah ölüb” bəyanatından sonra modern epoxada dinin gücü haqqında danışmaq nə dərəcədə ciddidir? (Yeri gəlmişkən, Nitşenin bəyanatının rəngini Viktor Pelevinin kontr-bəyanatı müəyyən qədər soldura bildi: “Əgər ölübsə, demək o, ümumiyyətlə Allah deyilmiş.”) Məgər artıq psixoanaliz praktikaları mahiyyətcə dini ibadətləri əvəz etməyibmi? Bu suala cavab vermək üçün əvvəlcə görək dini institutlardan arındırımış sırf din nədir? İşgüzar ifadə kimi V.Solovyovun “din – insanın səbəbsiz başlanğıcla əlaqəsidir” cümləsini qəbul etsək və onu genişləndirsək, din səbəbsiz ilkin ilahi varlığın mövcudluğuna ardıcıl inamdır. Belə olan halda kilsədən, məsciddən, onların ehkamlarından kənarda da din mövcud ola, birinci tezisə qayıtsaq, belə əlaqə təcrübəsi, əlbəttə, individual ola bilər. Deməli, dini fəlsəfə inama zidd olmadan metafizik dərkə dair hər bir fəlsəfədir. Eləcə də metafizik tədqiqatdan kənarda qeyri-dini idrak, oyunlar və eklektika (hər şeydən bir az) formasında mümkündür. Başqa tərəfdən, modernist metafizika da həmişə dinlə sıx əlaqədədir, həm də ona görə ki, sübuta yetirilməmiş bu və ya digər nəticəni çıxarmaq üçün (bütün metafizik idrak belədir) yazıçı məntiqi sistemdən daha üstün bir əsasa malik olmalıdır. Və ya təcrübəsindən kənar hər hansı bir şeydən danışan filosof elmdən daha əsaslı bilik olduğuna inanır. Məsələn, Edip kompleksinin varlığı Z.Freyd tərəfindən məhz onun mövcudluğuna və universal mənasına inam olduğu üçün sübut edilib. Yeri gəlmişkən, modernizmi rasionalizm (zəkanıı üstün görən fəlsəfə), postmodernizmi isə intuitivizm (duyğuları, intuisiyanı üstün görən fəlsəfə) kimi təfsir edən müəlliflərə inanmaq olmaz. Modernizmi sözün ciddi mənasında rasionalizm adlandırmaq olmur, o, rasionu (əqli, zəkanı) substansiya (səbəbsiz ilkin başlanğıc) kimi qiymətləndirən karteziançılığın (R. Dekart fəlsəfi məktəbi, Dekartın adının latınca Cartesius olması nədəniylə belə adlanır) tayı deyil. Modernizm fəlsəfəsi rasionalizmlə irrasionalizm arasında mənim əziz bürcüm tərəzi kimi tərəddüd etdiyindən, onun din kimi çıxış etməyə bəs qədər əsası var.
Beləcə, ədəbiyyatda da hər bir müəllifin sistemi, oxucunu öz mühakimələrinin doğruluğuna inandırmaq bacarığı yazıçının ritorik ustalığından asılıdır. Hər bir əqli nəticə elə burdan dini mənşə götürür. Hər bir metafizik hesab edir ki, o, mütləqlə daxili əlaqəyə malikdir. Bu mənada modernist yazıçılar metafizikanın sərhədlərindən kənara çıxmırlar, müvafiq olaraq, biz də modernizm fəlsəfəsində dini prinsiplərin özünəməxsusluğu haqda əsas qazanırıq.
2. Modernizm ideologiyasının din rolu oynamaq iddiasıyla çıxış etdiyini düşünə bilərik. Birincisi, modernistlər varlığın universal başlanğıcının mövcudluğuna israr edirlər, ümumi prinsipə (mütləq) münasibətdə də yazıçının və ya filosofun bütün sistemi qurulur. Bununla da modernizm bu mütləqə münasibətdə onu təbliğ edən ayrıca din forması kimi çıxış edir. İkincisi, modernizm kifayət qədər praktikdir, modernist yazıçılar daha faktların, hadisələrin və ya həyatların təsviri üçün kitab yazmırlar, onlar hamısı konkret tətbiqi məqsədlərə vururlar. Modernist yazıçılar bestseller olub geniş oxucu kütləsinə, nəhayətdə kütləvi şüuru tam əhatə etməyə can atırlar. Modernizm epoxasında bilik artıq seçilmişlərin sərvəti olmaqdan çıxıb kütlənin nailiyyətinə çevrilir. Həmin məntiqlə F.Nitşenin kitabının sərlövhəsi belədir: “Hamı və heç kim üçün”. Kütləviliyə belə bir orientasiyanı biz incəsənətdə də görürük. “Birincisi – kollektiv sərginin axtarışı, sənəti hamı üçün əlçatan etmək; ikincisi - kütləvi üsluba, həm sadə, həm mürəkkəb yollarla qrotesk başlanğıcın gücləndirilməsinə orientasiya”. Dinin də bütün kütləni tam əhatə etmək iddiası var, elə burada dinlə modernizm əməlli-başlı rəqiblərə çevrilir.
Dini strategiya bütün insanlara onların bacarmadığı insan problemini həll edib çatdırmaq istəyir, – modernist yazıçılar klassiklərin həll edə bilmədiyi insan məsələlərini açıb hamıya göstərmək istəyirlər. Bununla əlaqədar modernist yazıçılar kütləyə təqdim etmək üçün konkret reseptlərə doğru yönəlirlər, – din səmavi kitablardan “hamının resepti” kimi istifadə edir. Din fövqəladə əminliklə insanın problemini bildiyini və onu həll etmək iqtidarında olduğunu bəyan edir, - eynilə modernist yazıçılar və filosoflar da düşünürlər ki, bəşəriyyətin probleminin nədə olduğunu bilirlər, hətta onu çözmək iqtidarındadırlar. Modernistlər bir tərəfdən tam süqutu bəyan edilən keçmiş ənənəyə münasibətdə öz inkarını gətirir, digər tərəfdən, bir çox məsələlərdə peyğəmbərlərin funksiyalarını üstlərinə götürürlər. Məhz bu səbəbdən modernistlər heç bir dövrün yazıçı və filosofunun görmədiyi qədər radikal zidd qiymətlər alırlar, öz müasirlərindən və ardıcıllarından “Nifrətdən Sitayişə - münasibətini görürlər. Bu isə yalnız peyğəmbərlərə münasibətin düsturudur.
3. Əgər klassik ədəbiyyat və fəlsəfə insanın real problemlərindən çooox uzaq olduğunu göstərib hörmətdən düşdüsə, və kütləvi resept olmaq qüdrətini itirdisə (fil sümüyündən qala kimi), modernistlər bu ögeyləşmənin həlli yolunu biliklə kütləni yaxınlaşdırmaqda aradılar. Klassik dövrün ədəbiyyatı qadınları, uşaqları və dəliləri idrak çərçivəsindən uzaqlaşdırdı, Klassik Alman Fəlsəfəsi uşaqların və dəlilərin inkişafsız olduqlarını deməkdən başqa yol tapmadı, klassik ədəbiyyat və fəlsəfə deməyə risk etmədi ki, sağlam və inkişaflı şüurdan başqa şüur formaları da mövcud ola bilər. (Ənənəvi din də klassik ədəbiyyatın bu səhvini edirdi.) Məhz bu səbəbdən yalnız klassik estetikanın və ənənəvi dinin öldüyü modernizm epoxasında psixologiya və sosiologiya kimi elmlər inkişaf tapdı. Bu və ya digər şəkildə bütün modernist yazıçılar şəxsiyyətin dərin (görünməyən) əsaslarına doğru istiqamət götürdülər. “Meşə dərindir və mən irəliləyirəm\ meşə bir az da qaranlıqlaşır \ və mən yenə gedirəm\ meşə daha da qaranlıqlaşır \ … “ – yazaraq şüurun ənginliklərini nəzərdə tutan Amerika regional poeziyası, real həyatı altşüur təyin edir – deyən Z.Freyd, sosial mənsubiyyət insanın təfəkkür və davranışını müəyyən edir – yazan K.Marks, nəinki insanın xoşbəxtliyi, tarixin gedişini də inamdan asılıdır – yazan Frank, həyatın və tarixin əsası kimi iradənin müəllifi F.Nitşe, hissiyyat və intuisiya davranışın əsasıdır – yazan Ceyms və s. Modernist ədəbiyyat ideologiyasında dərinlik ümumiyyətlə əsas fiqurlardandır (eyni zamanda o dini mənalarla bölüşdürülür). Bütün modernist yazıçılar dərinliyin üst üzərində üstünlüyünü birmənalı bəyan edirlər: həqiqətin özək nöqtəsi yalnız daxili məzmundur. Və müasir dini formalar - Amerika gizli şaman qardaşlıq cəmiyyətləri, Pətəncəlinin Yoqa sisteminin 20. əsrin 80-ci illərində meydana çıxan avanqard meditasiya məktəbləri kimi qeyri-ənənəvi dinlər bu yerdə modernist ədəbiyyat və fəlsəfəylə necə də səsləşir.
Neoepistolyar (modern məktub) janrı özü də mütləq ədəbi başlanğıcdan imtinayla total müəllif ideologiyasının gəlişi idi. Elə bu da ənənəvi dindən qeyri-ənənəvi dinlərə keçid hadisəsinin bir tərəfidir. Çünki modernist mətndə bir müəllif totalitarizmi var, dində olduğu kimi. Yaxud bu totallıq onun təmsil etdiyi mədəniyyətə xasdır. Sözümüzün qüvvəti, U.Eko modernist olduğu yaradıcılığının ilkin dövrlərində özünün bütün yaradıcı və fiziki imkanlarını hazır şəkildə İtaliyanın Alessandriya vilayətindən aldığını yazırdı. Digər tərəfdən, bu totallıq özü yeni ideologiyanın başlanğıcını qoyur, totallıq həmişə kütləvi şüuru qapsamağa, öz dəyərlərini ümumi etməyə çalışır, din kimi o da azlığın intellektual dəyəri olmaqdan çıxır. Demək, klassik dövr biliyin seçilmişlər üçün yarandığı, digərləri üçün əlçatmaz olduğunu bəyan edəndə İslam, Xristianlıq və s. ənənəvi dinlər ümumi kütlə üçün idi. Modernizm epoxasında isə bilik ümumiyə əlçatan olan bir vaxtda o ənənəvi dinin funksiyalarını öz üstünə götürür, din isə bəzi qeyri-ənənəvi dini sektalar şəklində azlığın varidatına çevrilir. Totallıq – ideologiya və hakimiyyət subyektidir. Modernizm ədəbi ideologiya və hakimiyyət kimi artıq ənənəvi dini institutlarla bir araya sığmır. Qlobal modernizm ideologiyası insan fəaliyyətinin bütün sahələrini təsvir və əhatə etməyə çalışır ki, onu öz ideologiyasının hissəsinə çevirsin, həm də özünü mümkün tənqidlərdən sığortalasın. Ona görə də nitşeçilik kilsə tərəfindən, freydizm humanizm mövqelərindən tənqid olunmaqdan, Frank sistemi liberalizm mövqelərindən onu patriarxallıqda tənqid edəcəklərindən qorxmur. Beləcə, həmişə dini xarakter daşıyan totallıq amili modernizm və klassisizmi doğmalaşdırır.
Artıq göründüyü kimi, modernizm klassik fəlsəfə və ədəbiyyatla sıx bağlıdır, bu isə D.V.Sarabyanov və postmodernistlərə “modernizm keçmiş zamanın yükünü daşıyır, – xüsusən 19-cu əsrin” dahiyanə bəyanatını irəli sürməyə imkan verir. Ənənəvi din və ənənəvi ədəbiyyat kimi modernizm də ekspansivcəsinə öz informasiyasını biləndən bilməyənə doğru yayır. Hətta modernizmdə mətnin adresatı (yönəldiyi mənsəb) daha çox kütləvi insan olduğundan, ekspansiyanın (hakimiyyət, avtoritet) gücü modernist ideologiyada daha güclüdür, nəinki klassikanın hakimiyyətində.
Bu məqaləni oxusa, hətta Yazıçılar Birliyinin üzvləri də başa düşə bilər ki, modernist ədəbiyyatla məşğul olan, eyni zamanda bütün İslam institutu tələblərini yerinə yetirməyi özünə borc bilən azərbaycanlı unikaldır. O, öz cəfakeş möhtəşəm çiyinlərində eyni zamanda iki unikal din daşıyır. Bəlkə də buna görə təhtəlşüur olaraq, bütün qaydaların göyə uçduğu, sinif, din, etnik, ideoloji sərhədlərin qarışdığı, kinayəli, dəyərləri yenidən dəyərləndirən postmodern estetikaya can atır, ruhunu yuxarıdakı hər iki kütləvi totallıqdan azad etməyə doğru.





